Kilsə, yoxsa Paralel Hakimiyyət?| Ermənistanın daxili sabitliyi təhdid altındadır

2025/06/1749115018.jpg
Oxunub: 749     22:26     05 İyun 2025    
Müasir Ermənistanın qarşılaşdığı çoxölçülü böhran fonunda dövlətlə kilsə arasında artan gərginlik sadəcə şəxsi münasibətlərin, yəni baş nazir Nikol Paşinyanla Qaregin arasında olan antipatiyanın nəticəsi deyil. Bu, daha çox Ermənistan Apostol Kilsəsinin artıq uzun müddətdir cəmiyyət və dövlət üzərində qurmaq istədiyi nəzarət və təsir iddialarının iflasa uğramasının təzahürüdür. Ermənistan teokratik ambisiyaların dövlət idarəçiliyinə müdaxiləsinə qarşı prinsipial mövqe ortaya qoymalıdır və faktiki olaraq bu proses başlayıb.

Kilsənin özünü dövlətin və xalqın adından danışmaq haqqına malik hesab etməsi, sanki bütün erməni xalqını təmsil etdiyini iddia etməsi, əslində bu dini institutun nə qədər reallıqdan uzaqlaşdığını göstərir. Diasporla münasibətlərdə və Qarabağ məsələsində formalaşdırılmış qondarma “millət-dövlət-kilsə” nizamı 2020-ci ildəki müharibədən sonra tam şəkildə məhv olub. Ermənistan dövləti artıq yalnız erməni kimliyi əsasında yox, hüquq və vətəndaşlıq əsasında birgəyaşayışı təmin edən müasir institut kimi formalaşmalıdır.

Erməni kilsəsi isə bu dəyişikliklərə qarşı çıxır, çünki özünün tarix boyu qurduğu saxta ideoloji mövqelərin və diaspor üzərindəki təsirinin əldən getdiyini görür. Ermənistanın xarici və daxili siyasətində suveren qərarlar verməsi, xüsusən də Qarabağ məsələsində populist emosiyalardan uzaq real yanaşma sərgiləməsi kilsənin ideoloji və maliyyə baxımından çöküşü deməkdir. Ona görə də, bu dini institut indi açıq-aşkar siyasi fəaliyyətə can atır – Paşinyan hakimiyyətinin legitimliyini sual altına almağa çalışır, cəmiyyətdə narazılıq toxumu səpir və radikal ritorikanı təşviq edir.

Erməni Apostol Kilsəsi formal olaraq siyasi proseslərə müdaxilə etməməlidir, lakin Qareginin çıxışlarında verilən mesajlar artıq sırf dini deyil, açıq siyasi mahiyyət daşıyır. Kilsə rəhbərliyi Ermənistanın baş naziri, hökuməti və dövlət institutlarını dolayısıyla zəiflətmək və hakimiyyət dəyişikliyi üçün sosial zəmində “kritik kütlə” yaratmaq istəyir. Lakin bunun üçün nə konstitusion mandatı, nə də demokratik legitimliyi var.

Hazırda Ermənistan cəmiyyətində heç bir real siyasi qüvvə “milli dirçəliş” platforması ilə çıxış etmədiyi halda, kilsənin bu cür cəhdləri onun sadəcə kənar siyasi dairələrin alətinə çevrilməsi təəssüratı yaradır. Kilsə bu fəaliyyətinə görə nə hüquqi, nə siyasi, nə də ictimai məsuliyyət daşıyır. Amma yaranacaq xaos və institusional parçalanmanın fəsadlarını bütün Ermənistan cəmiyyəti yaşamalı olur.

Daha təhlükəlisi odur ki, erməni kilsəsi özünün diasporla əlaqəli olan “milli identiklik” anlayışını siyasi təzyiq vasitəsinə çevirərək dövlət suverenliyini şübhə altına alır. Reallıqlarla barışmaq əvəzinə, kilsə ya özünü siyasi hakimiyyət orqanına çevirmək istəyir, ya da Ermənistanı ideoloji baxımdan tam nəzarətdə saxlamağa cəhd edir.

Dövlətin borcu isə təkcə siyasi sabitliyi deyil, həm də ideoloji və hüquqi aydınlığı qorumaqdır. Ermənistanın gələcəyi ancaq konstitusiya əsasında fəaliyyət göstərən institutların güclənməsi ilə mümkündür. Kilsənin dövlət daxilində paralel struktur kimi çıxış etməsi, onun siyasi motivli çıxışlar etməsi və hakimiyyətə qarşı təzyiq vasitəsi kimi çıxış etməsi dövlətçiliyin əsaslarına ziddir.

Kilsə əgər Ermənistanın gələcəyi üçün həqiqətən narahatdırsa, o zaman siyasi fəaliyyətini dayandırmalı, Qarabağın Azərbaycana məxsus olduğunu tanımalı və məsuliyyətdən qaçmamalıdır. Əks halda, Ermənistanda haqlı olaraq sual verəcəklər: kilsə dağıdıcı fəaliyyətlərinə görə hüquqi və siyasi məsuliyyət daşımağa hazırdırmı?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kilsə   Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin